|
The Business of Human Trafficking and Involving in
Prostitution Lead to Human Organs Transplantation
(Because of financial lack for translation, there is
no English version of the text)
İnsan alveri və fahişəlik biznesi
orqanların transplantasiyası üçün həyata keçirilir
Son illər 275 insan seksual istismar üçün xarici
ölkələrə, o cümlədən ABŞ-a aparılıb
By F. Memmedli
Azərbaycanda insan alveri,
xüsusilə uşaq alveri haqqında çox danışılıb, çox
deyilib. Son zamanlar bu mövzu haqqında danışanlar
azalsa da, ATƏT-in təşkilatçılığı ilə Bakıda
keçirilən insan alverinə qarşı mübarizəyə həsr
edilmiş seminar bu problemi yenidən gündəmə gətirdi.
Seminarda həm də yeni faktlar,
yeni fikirlər səsləndirildi.İnsan Alveri ilə
Mübarizə İdarəsinin rəisi İmran Nəcəfov bildirdi ki,
son illər 275 insan seksual istismar üçün xarici
ölkələrə, o cümlədən ABŞ-a aparılıb.
Onlar 2003-2004-cü illərdə Nyu-York
şəhərində fahişəliyə cəlb edilib. ABŞ-ın Federal
Təhqiqat Bürosunun agentləri Bakıya gələrək Bakıdan
ABŞ-a aparılmış insanlara saxta sənədlərin
səfirliyin hansı əməkdaşları tərəfindən verildiyini
öyrənməlidir. Bu məsələ qaranlıq qalsa da,
səfirlikdən bildirirlər ki, məsələ tam aydın olandan
sonra ictimaiyyətə açıqlanacaq.
Eyni zamanda Respublika
Prokurorluğunda aparılan istintaq nəticəsində aydın
olmuşdur ki, Bakı şəhər 1 saylı körpələr evindən 185
uşaq xarici ölkələrə satılıb. Bunlardan 157-si ABŞ-a,
18-i İsrailə, qalanları isə Səudiyyə Ərəbistanı və
Fransaya satılıb.
Uzun müddətdən bəri apardığımız
müşahidələr sübut edir ki, xarici ölkələrdən
Azərbaycana insan alveri üçün 4 məqsədlə gəlirlər.
I - Fahişəlik biznesi üçün
II - İnsan orqanlarının
transplantasiyası üçün
III - İnsan orqanizmində tibbi
eksperimentlər aparmaqla yeni kəşflər etmək və iri
məbləğdə pul qazanmaq üçün
IV - Doğrudan da həqiqi övladlığa
götürmək üçün. Ancaq bu da çox vaxt alver və uşaq
satmaqla həyata keçirilir.
Çox təəssüf ki, Azərbaycanda
insan alverinə qarşı mübarizə formal aparılır və
hərə öz dollar payını alır. Bu alver şəbəkəsində,
qismən hüquq-mühafizə orqanları, məhkəmə və səhiyyə
sisteminin işçiləri iştirak edirlər.
Aşağıda deyəcəyimiz faktlarla
sübut edəcəyik ki, təkcə insan alverində adları
çəkilən dövlət orqanları necə yarıtmaz işləyir və
əslində isə xeyli pul qazanırlar.
Suraxanıdakı 3 saylı doğum
evindən neçə uşaq satılıb?
İki il öncə Suraxanı və Nəsimi
rayon məhkəmələrində uşaq alveri işlərinə baxıldı.
Suraxanı rayon 3 saylı doğum evində ginekoloq, tibb
bacıları və xadimələr uşaq alverində təqsirli
bilinərək məhkəməyə cəlb edilmişdilər.
İttihamnamədə tibb işçilərinin
saxta sənədlər əsasında uşaq alveri ilə məşğul
olduqları yazılır, məhkəmə də saxta akt tərtibindən
başqa heç nəyə toxunmurdu. Bir sözlə, ortada
qanunsuz uşaq alveri mövcud olsa da, məhkəmə prosesi
uşaqların xarici vətəndaşlara saxta və savadsız
sənədləşdirmə əsasında verildiyini araşdırdı.
Nəticədə bir neçə tibb işçisi 6
aylıq islah işləri və sınaq müddəti ilə yüngül
cəzalandırıldı. Burada baş həkim nəinki ittiham
olundu, heç işdən də uzaqlaşdırılmadı.
2004-cü ildə Nəsimi rayon
məhkəməsində 6 həkimin uşaq alverində iştirakının
işinə baxıldı. Onların hamısı 1 saylı körpələr
evinin həkimləri idi.
Körpələr evinin baş həkim əvəzi
Sevinc Vəliyeva, həkimlər Məlahət Əliyeva, Rəna
Ağayeva və başqaları uşaq alverində birbaşa iştirak
etməsələr də, onlar sənədlərin saxtalaşdırılmasında
ittiham edilirdilər. Onlar uşaq alverində şübhəli
şəxslər kimi təqsirli bilinirdilər. Təqsirləndirilən
şəxslərin vəkilləri isə bildirirdilər ki, onlar
saxta aktları rəhbərliyin göstərişi ilə tərtib
ediblər. Qeyd edək ki, 1 saylı körpələr evinin baş
həkimi o vaxt artıq vəfat etmişdi.
Məhkəmə baş həkim əvəzini şərti
maliyyə vahidinin 300 misli qədər cərimə etmiş,
digər həkimləri isə 6 aylıq islah işləri ilə sınaq
müddətinə cəzalandırmışdı. Göründüyü kimi, istintaq
və məhkəmə bir sıra vacib məsələlərin üstündən
sükutla keçmiş, uşaq alverinin həqiqi
təşkilatçılarını və iştirakçılarını cinayət
məsuliyyətinə cəlb etməyi qəsdən lazım bilməmişdir.
Guya ki, onların rüşvət alması da təsdiqlənməmişdir.
Onda sual olunur, niyə bu adamlar
qanuna görə uşağın övladlığa verilməsini (onların
iddiasına görə) ilk dəfə azərbaycanlı ailələrə
təklif etməmiş, elə birbaşa xarici vətəndaşlara
təklif etmişlər (daha doğrusu, onların özlərinin
verdiyi pula görə)? Bəyəm, baş həkimlər və uşaqların
övladlığa verilməsi üzrə məsul şəxs Bakı Baş Səhiyyə
İdarəsinin rəisi qanunun və qaydaların bu
müddəalarını bilmirlər? Hələ bir il əvvəl uşaq
problemləri ilə məşğul olan millət vəkillərindən
biri demişdi ki, Azərbaycanda uşaq alveri Səhiyyə
Nazirliyinin himayəçiliyi ilə B.Qasımova tərəfindən
həyata keçirilir.
Məhkəmə isə baş həkimləri və
B.Qasımovanı yox, tibb bacılarını, sıravi həkimləri,
hətta xadimələri cəzalandırır. Qeyd edək ki, səhiyyə
ocaqlarından verilən hər bir sənədə baş həkim möhur
vurur və onun saxta və ya düzgün olmasına görə məhz
o məsuliyyət daşıyır.
Uşaqlar 20-25 min dollara satılır
Digər bir məsələ. Məhkəmə nəyə
görə ABŞ-a verilən 85 uşağa görə səfirlik
əməkdaşlarından heç birini ittiham etməyib? Axı, ABŞ
uşaq hüquqları və uşaqların övladlığa götürülməsi
haqqında Beynəlxalq Konvensiyanı da imzalamayıb.
Məgər müstəntiq və hakimlər bu
məsələni bilmirlər? Bilirlər, sadəcə, onlar da uşaq
alverində öz paylarını alırlar. Tibb ictimaiyyəti
arasında danışılan söz-söhbətə görə hər bir uşaq ən
azı 20-25 min ABŞ dollarına xarici vətəndaşlara
satılır. Uşaqların bəlkə də, 90-95 faizi xarici
ölkələrdə yenidən satılaraq onların orqanlarından
transplantasiya və tibbi eksperiment üçün istifadə
edilir.
Qadın alverinə qoyulan
“investisiya” isə bəlli yaş dövrünə qədər hər gün
xeyli gəlir gətirir. Necə deyərlər, bu fahişə
qadınlar hər gün ayrı-ayrı yastıqlarda qocalırlar.
Xarici vətəndaşlara qanuni yolla olsa belə,
övladlığa verilmiş kimsəsiz uşaqların taleyi heç bir
hökumət qurumunu maraqlandırmır. Hamıya maraqlı ola
biləcək Azərbaycanın da qoşulduğu Beynəlxalq Uşaq
Hüquqları Konvensiyasının uşağın övladlığa
götürülməsi müddəasına baxaq: “Övladlığa götürmə
sistemini qəbul edən və yaxud bu sistemin həyata
keçirilməsinə icazə verən iştirakçı dövlətlər uşağın
ən yaxşı maraqlarının ilk növbədə nəzərə alınmasını
təmin etsinlər və onlar
a) təmin etsinlər ki, uşağın
övladlığa götürülməsinə ancaq səlahiyyətli orqanlar
icazə versinlər. Bu orqanlar tətbiq edilən qanun və
qaydalara uyğun olaraq və işə aid bütün səhih
məlumat əsasında müəyyən ediblər ki, uşağın
valideynləri, qohumlar və qanuni qəyyumlar barəsində
statusuna görə övladlığa götürmə mümkündür və əgər
tələb olunursa, əlaqədar şəxslər lazım ola biləcək
belə məsləhətləşmə əsasında övladlığa götürməyə öz
dərk olunmuş razılığını versinlər.
b) Təsdiq edirlər ki, uşağın
başqa bir ölkədə övladlığa götürülməsi ona baxmağın
alternativ üsulu hesab oluna bilər. Bu şərtlə ki,
uşaq onun tərbiyə olunmasının və ya övladlığa
götürülməsini təmin edə bilməyəcək ailəyə tərbiyə
edilməyə , yaxud saxlanmağa verilə bilməsin və
uşağın doğulduğu ölkədə ona münasib qaydada
baxılmasının təmin edilməsi mümkün olmasın.
v) təmin edirlər ki, uşaq başqa
bir ölkədə övladlığa götürüldükdə, ölkənin daxilində
övladlığa götürülmə ilə əlaqədar tətbiq edilən eyni
təminat və normalar tətbiq edilsin.
q) bunu təmin etmək məqsədilə
bütün lazımi tədbirlər görürlər ki, başqa ölkədə
övladlığa götürmə tədbirində uşağın yerbəyer
edilməsi bununla bağlı şəxslərin əsassız olaraq
maliyyə mənfəəti əldə etməsinə gətirib çıxarılmasın”.
Çox təəssüf ki, Azərbaycanda uşağın xarici
vətəndaşlara verilməsi qanunsuz yollarla həyata
keçirilir və yalnız onlara pulla satılır. İmran
Nəcəfovun beynəlxalq seminarda son açıqlamaları 2 il
əvvəl uşaq alverinə görə faktları yenidən gündəmə
gətirib.
Səhiyyə Nazirliyində də
bildirirlər ki, uşaq alverinin təşkilatçıları
cəzalandırılacaq.Bunlar onu göstərir ki, bu dəfə
deyəsən, xadimələr, tibb bacıları deyil, səhiyyə
məmurları məsuliyyətə cəlb ediləcəklər. |