|
"Worker" Children...
(Because of financial lack for translation, there is
no English version of the text)
"Fəhlə"
uşaqlar...
Bu
gün onlar müasir Azərbaycanın ictimai həyatının
tərkib hissəsinə çevriliblər
FATİMƏ M.
Məktəbli uşaqların kiçik biznes fəaliyyəti ilə
məşğul olmağa başlamaları 90-cı illərin əvvəllərinə
təsadüf edir. Həmin vaxtlar uşaqların küçədən keçən
maşınları saxlayaraq maşın sahiblərinə şüşə silmək
xidmətlərini təklif etmələrinə əvvəlcə təəccüblə
yanaşılsa da, sonradan bu, xırda biznes
adlandırılmağa başladı. İndi isə 7 yaşdan tutmuş
15-16 yaşa qədər məktəbli uşaqların demək olar ki,
bütün xidmət sahələrində fəaliyyət göstərmələrinin
şahidi oluruq. Bəlkə də bu yaşda olan uşaqların
yaşlarına uyğun göstərdikləri əmək fəaliyyəti normal
olardı, əlbəttə ki, əgər onların əməyi istismar
olunmasaydı. Daha az əməkhaqqı verib, daha çox gəlir
əldə etmək istəyən sahibkarlar bu gün uşaq əməyindən
geniş istifadə etməyə çalışırlar. Artıq "fəhlə"
uşaqlar müasir Azərbaycanın ictimai həyatının tərkib
hissəsinə çevriliblər. Uşaq əməyinin istismarı
getdikcə müasir Azərbaycanda adi hala çevrilir.
Çünki onların əməyi daha ucuz satılır. Yaşlı və ya
cavan adamı uşaqlara verilən cüzi məbləğ pul qane
etmir. Ystəlik, gün ərzində uşağın hansısa yemək
tələbatını ödəməklə də onu çox ağır fiziki işə cəlb
etmək olur.
Azərbaycanın da qoşulduğu bütün beynəlxalq
konvensiyalara əsasən 15 yaşına qədər uşaqların
əməyindən istifadə qadağan edilib. Yaşı 15-dən
yuxarı olan uşaqlar isə onların sağlamlığına zərər
yetirə bilməyən işlərdə çalışa bilərlər. Hüquqşünas
Aydın Kərimovun sözlərinə görə, bütün beynəlxalq
konvensiyalarda nəzərdə tutulur ki, heç bir əmək
növü uşağı məktəbdən kənarlaşdırmamalıdır.
Uşaq əməyi istismar olunursa, deməli, dövlət öz
gələcəyinin təminatını zəif qurub
Hazırda isə paytaxtda və regionlarda bu qaydalara
riayət edilmir. Aparılan tədqiqatlar göstərib ki,
Azərbaycanda belə bir vəziyyət mövcuddur. Doğrudan
da çox hallar olub ki, uşaqlar elə işlərə cəlb
ediliblər ki, bu, onların sağlamlığına və yaxud
müəyyən sahədə onların inkişafına təsir göstərir.
Aydın Kərimovun sözlərinə görə, beynəlxalq
konvensiyalarda 14 yaşına qədər uşaqların işləməsi
ümumiyyətlə qadağan edilib: "14 yaşından yuxarı
uşaqların isə tətil dövründə çox yüngül işlərdən
istifadə etmələrinə icazə verilib. Onların əməyindən
ağır işlərdə, kimya sahəsində və s. istifadə
edilməsi qadağandır. Uşaq əməyindən istifadəyə
əsasən 16 yaşdan sonra icazə verilir. Bu yaşdan
sonrakı yaş dövründə olan uşaqlara yenə də müəyyən
qanuni məhdudiyyətlər var. Onlara ağır yüklərin
qaldırılması, ağır işlər, gecə növbəsində işləmək
üçün müəyyən güzəştlər nəzərdə tutulub. Bu isə
mütləq valideynin razılığı ilə olmalıdır". A.Kərimov
onu da bildirdi ki, bütün cəmiyyətlərdə, xüsusən də
keçid dövründə olan cəmiyyətlərdə uşaq əməyinin
istismarı hallarına təsadüf edilir: "Cəmiyyətin gücü,
qüdrəti, dövlətin də qabiliyyəti onda olur ki, uşaq
əməyindən istismara qarşı mübarizə mexanizmləri
hazırlanır. Təbii ki, bu gün uşaq əməyinin istismarı
ilə bağlı sahibkarlıq fəaliyyəti sahəsində,
tikintidə, digər sahələrdə aparılan işlər elə
qurulub ki, orada əməyin uçotu dəqiq aparılmır. Hər
bir dövlətin qabiliyyəti öz əlillərinə, qadınlara və
uşaqlara olan münasibəti ilə ölçülür. Uşaqlar
istismar olunursa, deməli, dövlət öz gələcəyinin
təminatını zəif qurur. Bu baxımdan, dövlət orqanları
da, bu işlərə nəzarət etməli orqanlar da məsələyə
nəzarət etməlidir".
Bəs Azərbaycanda uşaq əməyi harada istifadə edilir?
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki,
ölkəmizdə uşaq əməyindən daha çox aqrar sektorda
istifadə olunur. Regionlarda uşaq əməyindən birinci
növbədə pambıq plantasiyalarında, tütün, çay olan
rayonlarda və daha çox kiçik və orta sahibkarlıq
subyektlərində istifadə olunur.
Bazar və uşaqlar
Azərbaycanda uşaq əməyinin istifadə olunduğu daha
bir yer bazarlardır. Bazarlarda aparılan
müşahidələrə əsasən məlum olub ki, 7 yaşdan 17 yaşa
qədər uşaqlar burada ya kiçik ticarətlə, ya da yük
daşımaqla məşğuldur. Kiçik ticarətlə məşğul olanlar
o qədər də fiziki güc sərf etmirlər. Onlar ya bir
balaca stol arxasında xırda alverlə məşğul olur, ya
da hansısa satıcıya kömək edirlər. Amma qazandıları
pulun hamısı heç də onlara çatmır. Burada
istər-istəməz uşağın hüququ pozulur. Qeyd edək ki,
12 yaşdan yuxarı uşaqlar əsasən hamballıqla məşğul
olurlar. Kimlərinsə yüklərini daşıyırlar, onun
müqabilində əməkhaqqı alırlar. Müşahidə apardığımız
"Həsimi" bazarı adlandırılan ticarət sahəsi şəhərdə
ən ucuz qiymətləri olan bazarlardandır. Buranın
vəziyyətinə gəlincə, qeyd edək ki, palçıqlı və bir
qədər natəmizdir. Bütün gününü bu şəraitdə keçirən
onlarla uşaq alıcılara öz xidmətlərini təklif edir.
Onlardan biri ailəsi ilə Gəncədən Bakıya köçmüş
Elvin adlı oğlandır. Elıin söhbət əsnasında bildirdi
ki, artıq bir neçə ildir ki, bu bazarda işləyir. Özü
isə hamıya, istər yaşlılara, istərsə də cavan
adamlara kömək edir, əlbəttə ki, haqqı ilə. Gündəlik
qazancından hələ ki razıdır. Özünün dediyi kimi, gün
ərzində 2 "şirvan" - 2 "şirvan" yarım pul qazanır.
Onu işləməyə məcbur edən valideynlərinin xəstə
olması və işləyə bilməmələridir. Məktəbə gedib -
getməməsi ilə maraqlandıqda dedi ki, səhərlər
məktəbə gedir, axşamlar isə burada işləyir. Hazırda
8-ci sinifdə təhsil alır.
Beləliklə, uşaqlarla apardığımız söhbətlər və
müşahidələrimiz nəticəsində bu qənaətə gəldik ki,
balaca "fəhlələr" heç də məktəbdə oxuyub təhsil
almaq əvəzinə özləri işləyib çörəkpulu qazanmaq
həvəsində deyillər. Bu mövzuda söhbət etdiyimiz "Uşaq
birliyi"nin sədri Kəmalə Ağayevanın sözlərinə görə,
uşaqların böyük əksəriyyəti özlərini yaşatmaq
məqsədi ilə işləyirlər: "Onlar maşın şüşələri
silirlər, xırda alverlə məşğul olurlar. Müşahidə
aparmışam ki, uşaqlar bunu öz istəkləri ilə etmirlər.
Onların hamısı oxumaq istəyindədirlər. Məktəbə
getmək, təhsil almaq bu uşaqların əksəriyyətinin ən
böyük arzusudur. Çox acınacaqlı haldır ki, ailə də,
uşaqlar da normaldır, ancaq onlar məktəbdə təhsil
almaq əvəzinə erkən yaşlarından qazanc əldə etmək
üçün bazara, dükana göndərilirlər. Hesab edirəm ki,
bizim imkanlı ailələr onlara dəstək olmalıdır. Bizim
gələcəyimiz məhz təhsilli uşaqların əlindədir".
Yazı
"Paytaxt Sabah" qəzetində Yanvar 2006-ci ildə
dərc olunub |